cümə axşamı 15 oktyabr 2026 - 00:39
İnsanın həqiqəti qadın və ya kişi olmaqdan daha üstündür / Özünüzü cənnətdən aşağı məqama layiq görəməyin

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli vurğulayıb ki, Əməvilər, onlardan sonra isə Abbasilər və digər hakimlər törətdikləri zülmlərə haqq qazandırmaq və hakimiyyətlərini qorumaq məqsədilə baş verən hadisələri ilahi qəza və qədərə aid edirdilər ki, bununla da özlərini əməllərinə görə məsuliyyətdən kənarda göstərsinlər. Halbuki Əhli-beyt (ə) insanın öz əməl və davranışlarına görə məsuliyyət daşıdığını bəyan edirdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amulinin həftəlik əxlaq dərsi bu gün, 14 oktyabr mehr 2026-cı il, çərşənbə günü səhər saatlarında Qum şəhərində həzrət Məsumənin (s.ə) mübarək hərəmində yerləşən Məscidül-Əzəmdə əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilib.

Həzrət Ayətullah Cavadi Amuli bu dərs zamanı həzrət Zeynəb Kübranın (s.ə) mübarək mövludunun ildönümünə toxunaraq, Əhli-beytin (ə) elmi və mərifət baxımından məqamını izah edib. O, həzrət Zeynəbin (s.ə) Übeydullah ibn Ziyadın qarşısında söylədiyi sözləri təhlil edərək, həmin böyük şəxsiyyətin cəbr düşüncəsinə qarşı mübarizədəki rolunu və insanın məsuliyyətini necə bəyan etdiyini açıqlayıb.

Həzrət Zeynəbin (s.ə) sözləri: Əməvi cəbr düşüncəsinə qarşı elmi izah

Həzrət Ayətullah Cavadi Amuli Əhli-beytin (ə) elmi və mərifət məqamına toxunaraq bildirib: “Həzrət Zeynəb Kübranın (s.ə) Kufədə söylədiyi sözlər yalnız ağlamaq və müsibətdən danışmaqdan ibarət deyildi. Əksinə, bu sözlər dərin məzmun daşıyır və etiqadi-kəlami baxımdan mühüm bir məsələyə yönəlmişdi.

O, Əməvilər hakimiyyəti dövründə cəbr düşüncəsinin yayılmasının tarixi keçmişinə toxunaraq deyib: Müaviyə hakimiyyətdə olduğu uzun illər ərzində öz hakimiyyətini möhkəmləndirməyə və davam etdirməyə çalışırdı. Xeyir və bərəkətin hakimiyyət aparatının adına yazılması, pisliklərin və problemlərin isə Allaha aid edilməsi üçün cəbr düşüncəsini təbliğ edirdi.

Həzrət Ayətullah Cavadi Amuli vurğulayıb: Əməvilər, onlardan sonra isə Abbasilər və digər hakimlər törətdikləri zülmlərə haqq qazandırmaq və hakimiyyətlərini qorumaq məqsədilə hadisələri ilahi qəza və qədərə aid edirdilər ki, özlərini əməllərinə görə məsuliyyətdən kənarda göstərsinlər. Halbuki Əhli-beyt (ə) «Nə cəbr var, nə də tam ixtiyarın insana həvalə edilməsi, əksinə, bu, iki mövqe arasında olan bir məsələdir» həqiqətini izah etməklə insanın öz əməl və davranışlarına görə məsuliyyət daşıdığını bəyan edirdi”.

O, həmçinin qeyd edib ki, imamlar (ə) ən yüksək mərifət məqamında elmi və əqli baxımdan son dərəcə dəqiq məsələləri izah edir, fikir və etiqad sahəsindəki azğınlıqlara qarşı dayanırdılar.

Həzrət Ayətullah Cavadi Amuli bu məsələni izah edərkən həzrət Zeynəb Kübra (s.ə) ilə Übeydullah ibn Ziyad arasında baş vermiş söhbətə də toxunaraq əlavə edib: Həzrət Zeynəbin (s.ə) Kufədə söylədiyi sözlər dərin məzmunlu idi və cəbrə əsaslanan azğın düşüncəyə qarşı yönəlmişdi. Übeydullah ibn Ziyad həzrət Zeynəb Kübradan «Allahın qardaşınla necə davrandığını gördünmü?» deyə soruşduqda və ya «Əli ibn Hüseyni Kərbəlada Allah öldürdü!» dedikdə, burada söhbət məndən, bizdən, Əməvilərdən və bu kimi məsələlərdən getmirdi. Əksinə, söhbət Allahdan gedirdi və əslində, bu, cəbr mövqeyindən danışmaq idi!

Həzrət Zeynəb cavab verdi: «مَا رَأَيْتُ إِلَّا جَمِيلًا» — «Mən gözəllikdən başqa bir şey görmədim». Yəni Allahın işi gözəldir, lakin siz qatilsiniz! Əli ibn Hüseyni şəhadətə çatdıran məhz siz oldunuz. Beləliklə, həzrət Zeynəb Əməvi cəbr düşüncəsini puça çıxardı, insanın ixtiyar sahibi olması və öz əməllərinə görə məsuliyyət daşıması həqiqətini bəyan etdi.

İnsan özünü Cənnətdən aşağı bir məqama layiq görməməlidir 

Həzrət Ayətullah Cavadi Amuli çıxışının davamında “Nəhcül-bəlağə”də yer alan hikmətli kəlamları şərh edərək həqiqi azadlığın mahiyyətini, insanın dəyərini və mənəvi kamillik yolunda qəlbin mövqeyini izah edib.

Həzrət Ayətullah Cavadi Amuli Əmirəl-mömininin Əlinin (ə) “Nəhcül-bəlağə”dəki kəlamını şərh edərək həqiqi azadlığın mahiyyətini və insanın varlıq dəyərini açıqlayıb. O, həmin kəlamın bu hissəsinə diqqət çəkib:

«أَلاَ حُرٌّ یَدَعُ هذِهِ اللُّمَاظَةَ لِأَهْلِهَا، إِنَّهُ لَیْسَ لِأَنْفُسِکُمْ ثَمَنٌ إِلَّا الْجَنَّةَ، فَلَا تَبِیعُوهَا إِلَّا بِهَا»

“Məgər bu qida qalıqlarını öz sahiblərinə buraxacaq bir azad insan yoxdurmu? Bilin ki, sizin varlığınızın Cənnətdən başqa qiyməti yoxdur. Elə isə özünüzü yalnız Cənnət müqabilində satın”.

Həzrət Ayətullah Cavadi Amuli “lumazə” sözünün mənasını izah edərək bildirib: “Lumazə dişlərin arasında qalan yemək qırıntısıdır. Bir çox məqam və mövqelər — istər elmi hövzələrdə, istər universitetlərdə, istər siyasi, istərsə də ictimai sahələrdə tutulan vəzifələrin hamısı əslində, həmin lumazələr kimidir. Başqaları bizdən əvvəl bu məqamlara gəlib, onlardan bəhrələnib və sonra da ötüb keçiblər. Azad insan özünü bu kimi məsələlərlə məşğul etməyən və öz varlığının həqiqi dəyərini tanıyan insandır.

O, insanın həqiqi dəyərinin Cənnət olduğunu vurğulayaraq bildirib: Əmirəl-möminin Əli (ə) buyurur ki, sizin dəyəriniz cənnətdən aşağı deyil. Buna görə də özünüzü ondan daha aşağı bir şeyə satmayın. İnsan bu cür ötəri nemət və məqamlardan keçib öz dəyərini cənnətlə ölçərsə, həm cənnət düşüncəsi ilə hərəkət edər, həm də özü və başqaları üçün xeyir istəyər. Belə olduqda nə başqalarına zərər yetirər, nə də özünü xeyirdən məhrum edər”.

Qəlb — oxunmalı bir kitab

Həzrət Ayətullah Cavadi Amuli çıxışının davamında Əmirəl-mömininin Əlinin (ə) «الْقَلْبُ مُصْحَفُ الْبَصَر» — “Qəlb gözün müshəfidir” kəlamına toxunaraq insanın öz daxili həqiqətinə diqqət yetirməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, insan öz qəlbinin kitabını oxumalı, qəlbinin ondan nə istədiyini və hansı istiqamətə meyil etdiyini anlamalıdır. Bu məqamda belə bir misranı da xatırladıb: “Əgər qəlbin bir an belə qəflətdə qalarsa, bəla oxu gəlib qəlbin düz mərkəzinə dəyər”.

O, Allahı yad etməyin və onunla münacat etməyin əhəmiyyətinə toxunaraq qeyd edib: İnsanın qəlbi öz Allahı ilə münacat etmək və Allahın zikri, adı vasitəsilə mənəvi məsafələri qət etmək qabiliyyətinə malikdir. Bütün bu məsafələr lumazələrdən, yəni ötəri və dəyərsiz şeylərdən əl çəkməklə aradan qalxır. İnsan ilahi yaxınlıq yolunda nə qədər irəliləyərsə, Allahla əlaqəsi də bir o qədər yaxınlaşar. Beləliklə, insan «Ya Allah» deməkdən «Allah» demək mərhələsinə yüksələr”.

İnsanın həqiqəti qadın və ya kişi olmaqdan daha üstündür

Həzrət Ayətullah Cavadi Amuli çıxışının son hissəsində ruhun həqiqətinə və insanın yaradılış sistemindəki mövqeyinə toxunaraq bildirib: İslamda qadın və ya kişi olmaq insanın cismani tərəfinə aiddir. Ruh isə nə kişi, nə də qadındır!

O, möminlərin və saleh insanların xüsusiyyətlərindən bəhs edən Quran ayələrinə işarə edərək vurğulayıb: Bədən ruhun yüksəlişi üçün bir pillədir. Cismani xüsusiyyətlər ruhun həqiqətini müəyyənləşdirmir. İnsan ruhu kamillik və mücərrədlik istiqamətində hərəkət edir. Bu baxımdan, insanın həqiqəti qadın və ya kişi olması ilə məhdudlaşmır. Bütün insanlar mənəvi yüksəliş yolu ilə mələkuti insan məqamına çata bilərlər.

Həzrət Ayətullah Cavadi Amuli çıxışının sonunda iştirakçılar və elmi araşdırma, eləcə də elmi kamillik yolunda addımlayan bütün şəxslər üçün dua edərək, hər kəsin həzrət Zeynəb Kübranın (s.ə) duasına nail olacağına ümidvar olduğunu bildirib. O, həmçinin İslam quruluşunun Əhli-beytin (ə) inayəti sayəsində təhlükələrdən qorunması və həzrət İmam Zamanın (ə.f) hüzuruna təqdim olunması üçün dua edib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha